Tarix

Vavilon 


Şəhər-dövlət Vavilon Mesopotamiyada e.ə. 1900-cü ildə
çiçəklənməyə başlamışdır. E.ə. XVIII əsrdə çar Xammurapi onun qüdrətini artıraraq ərazini daha da genişləndirmiş və güclü dövlətə çevirmişdir. Vavilonun süqutu e.ə. 1595-ci ildə başlamışdır, çünki onu xettlər zəbt etmişlər. 100 ildən sonra II Navuxodonosorun dövründə şəhər yenidən canlanmışdır. E.ə. 539-cu ildə Vavilon farslar tərəfindən işğal olunmuşdur.

Vavilonun qüdrəti


II Navuxodonosor Vavilonu dünyanın ən varlı şəhərlərindən birinə çevirmişdir. Şəhərin baş girişi ilahə İştar darvazası mavi rəngli naxışlarla bəzədilmişdi. II Navuxodonosor dünyanın yeddi möcüzəsindən biri olan Asma  bağlar üçün nadir ekzotik bitkilər gətirmişdi.



Vavilon döyüşçüləri


Vavilonun mahir sərkədələri olan və yaxşı təlim görmüş ordusu var idi. Həm, Xammurapi, həm də II Navuxodonosor ordunu qonşu dövlətlərlə müharibəyə aparırdılar. Xammurapi, demək olar ki, bütün Mesopotamiyanı özünə tabe etmişdi. Təcrübəli oxatanlar Finikkiyanı, Suriyanı, İudeyi və Assuriyanı fəth etməkdə II Navuxodonosora yaxından kömək etmişlər. 


Əbədi həyatın sirri

Əfsanədə deyilir ki, Vavilon əsatirlərinin qəhrəmanı çar Gilqamışa əbədi yaşamağın sirrini açmışdır. O, dənizin dibindən çiçəyi üzüb gətirməli idi. Gilqamış suya baş vurub möcüzəli çiçəyi qoparır, ancaq evə qayıdan başı dincəlmək üçün uzanıb yatır. Bu zaman ilan sirli çiçəyi udur. Beləliklə də Gilqamış əbədi həyatı qazana bilmir. 





Vavilonda hesablama sistemi


Başqa qədim xalqlar kimi vavilonlular da çiviyazıdan istifadə edirdilər. Riyaziyyatçılar 60 rəqəminə əsaslanan hesablama sistemi yaratmışlar. Bu, çox münasib idi, çünki 60 rəqəmini çox rəqəmlərə bölmək mümkün idi. Biz indi də bu hesablama sistemindən istifadə edirik: məsələn, vaxtı müəyyən edərkən-hər saatda 60 dəqiqə, hər dəqiqədə 60 saniyə. Vavilonlular qonşularla mübahisəyə son qoymaq üçün torpağın sərhəddini mamırlı daşlarla işarə edirdilər. Vavilon həm də özünün astronomları ilə şöhrət qazanmışdı.


Vavilon heyvanları


Bəzi vavilonluların ev itləri və pişikləri vardı. Ancaq varlılar daha ekzotik heyvanlar saxlayırdılar. Ailə üzvləri bir-birinə şir və leopard kimi vəhşi heyvanlar bəxşiş verirdilər.

Allahlar


Vavilonluların allahları çox idi. Onların ən qüdrətliləri ana-allah İştar və Vavilonun baş allahı Madruk hesab olunurdu. Əfsanələrin birində deyilir ki, qəhrəman Gilqamış təkəbbürlü allahları qəzəbləndirir. Onu məhv etmək üçün, göydən öküz göndərirlər, lakin Gilqamış öküzü öldürür.





İlk insanlar


İlk insan təxminən 2 milyon il bundan əvvəl meydana gəlmişdir. Müasir adamların əcdadları (Homo sapiens) isə 40 min il əvvəl mövcud olmuşdur. Qədim insanlar mağaralarda, komalarda yaşayır, yemək dalınca köçəri həyat keçirirdilər. Eramızdan təxminən 10000 il əvvəl insanlar bitki və heyvan yetişdirməyə başlayıblar. İlk əkinçilər kiçik yaşayış məskənləri salmışlar ki, onlar da tədricən şəhərlərə çevrilmişlər.


Ovçuluq

Daş dövründə insanların ovladıqları ən iri heyvan-mamontlar idi. İndiki filin əcdadı olan mamontun nəhəng gövdəsinin bütün hissələrindən istifadə olunurdu. Ət qəbilənin bir neçə həftəlik yeməyinə çatırdı. Tüklü dəridən paltar və alaçıq, dişlərdən və sümüklərdən alaçıq qəfəsi, bəzək əşyaları hazırlanırdı.

Ən böyük şəhər

İndiyədək məlum olan qədim şəhərlərin ən böyüyü hazırki Türkiyənin ərazisindəki Çatal-Hyyukdur. E.ə. 6250-ci ildə onun əhalisinin sayı 6000 nəfər olmuşdur. Xarci basqınlardan müdafiə məqsədi ilə birmərtəbəli evlərin divarları çiy kərpicdən bir-birinə bitişik tikilirdi. Evlərin girişi isə damdan olurdu, nərdivanla qalxıb-düşürdülər.

Onların yeməyi

Çatal-hyyuklular ətlə qidalanırdılar. Meyvə, tərəvəz və qoz da əsas qidalardan sayılırdı. Xurma palması xüsusi qiymətli idi. Onların meyvəsi yeməyə, gövdəsi oduna yarayırdı, yarpaqlarından dam örtüyü kimi istifadə olunur, paltar və ayaqqabı üçün iplik, kəndir hazırlanırdı.

İlk ev heyvanları

Eramızdan təxminən 10000 il əvvəl insan canavarı əhliləşdirərək ev iti kimi ona digər ev heyvanlarını-qoyunu, keçini, inəyi, donuzu vəhşilərdən qorumağı öyrətmişdir.

İlk mədəniyyətlər

İlk Böyük Şumer mədəniyyəti eramızdan 5000 il əvvəl yaranmışdır. Mesopotamiyada (indiki İraqın ərazisi) Dəclə və Fərat çaylarının arasında meydana gəlmiş Şumer mədəniyyəti 3000 il yaşamışdır. Bu dövrdə başqa mədəniyyətlər də yaranmışdır: eramızdan 4000 il əvvəl Nil çayının vadisində Pakistanın ərazisi) Hind mədəniyyəti.

Hind vadisinin şəhərləri

XX əsrin 20-ci illərində Hind çayının vadisində qədim Monhenco-Daro və Xarappa şəhərləri aşkar edilmişdir. Onlar eramızdan 2000 il əvvəl salınmışdır. Bir çox müasir şəhərlərdə olduğu kimi, onların küçələri düz və paralel olmuşdur.

İlk yazı nümunəsi

İlk yazı nümunəsi qədim şumerlərə aiddir. Onlar 5000 il əvvəl yazını kəşf etmişlər. Əvvəlcə bu yazılar şəkillər olmuş, sonra çiv forması almışdır. Ona görə də indi buna çiv yazılar deyirlər.

Şumerlərin məbədləri

Hər bir şumer şəhər mərkəzində məbəd tikilirdi. E.ə. 2000-ci ildən məbədlərri böyük qüllə-zikkurat formasında inşa edirdilər. Həm də baş kahin sayılan çar dini ayinləri və qurbankəsilmə mərasimlərini məbəd qülləsinin üstündə icra edirdi.

Şumerlərin pulu

Şumerlərin nəhəng bazarları var idi. Alış-veriş müqaviləsini təsdiq etmək üçün hər bir tacirin öz silindirik möhürü olurdu. Satış palçıq cədvəllərə yazılırdı. Təxminən e.ə. 3300-cü ildən şumerlər alver zamanı palçıq jetonlardan istifadə edirdilər.Müxtəlif növ məhsulların aıveri üçün müxtəlif formalı jetonlar işlədirdilirdi.

Şumerlərdə idarəçilik

Şumerlərin hər bir şəhər-dövlətinin başında çar dururdu. Bəzən o, başqa şəhərləri də özünə tabe edirdi, ancaq şumer çarlarının heç biri bötüvlükdə Şumeri idarə etməmişdir. Çar ailəsi çox varlı olurdu və bahalı paltarlar geyinirdi Şumer şahzadə xanımı uzun don geyinir, qızıl və gümüş əşyaları ilə bəzənirdi. 

Qədim Misir

Təxminən 5000 il bundan əvvəl Nil çayının sahillərində Şimali Afrikada iki Misir dövləti-Yuxarı və Aşağı Misir dövlətləri meydana gəlmişdir. E.ə. 3110-cü ildə çar Menes hər iki dövləti birləşdirmişdir. Misir dövləti güclü imperiyaya çevrilərək e.ə. 30-cu ilə qədər - Roma imperiyasının hakimiyyəti altına düşənədək yaşamışdır.

Misirdə məktubyazanlar

Misirlilərin heç hamısı oxuyub-yazmağı bacarmırdı. Mirzə adlandırılan adamlar onlar üçün məktub yazırdılar. Çar məktubları, müqəddəs mətnlər üçün mirzələr heroqliflərdən (şəkilli məktublar)istifadə edirdilər. Onlar papirus kağızı üzərində qamışdan düzəldilmiş qələmlə yazırdılar.


Parikli Misirlilər

Qədim misirlilər öz saçlarını çirkli hesab edirdilər. Ona görə də saçlarını dibindən qırxaraq parik qoyurdular. Məzəli pariklərdən əlavə onlar kosmetikadan da istifadə edirdilər. Misirlilər xırdalanmış mineralları (qurğuşun, mis, dəmir oksidlərini) su ilə qarışdıraraq parlaq pomada və sürmə hazırlayırdılar.

Qədim Misir çörəyi

Kasıblar üçün çörək ən başlıca qida idi. Buğdanı və arpanı üyüdüb un alırdılar. Unu su ailə qatışdırıb xəmir alır, ona sarımsaq, yaxud bal qatır, gildən düzəldilmiş qablarda çörək bişirirdilər. 

Pul vahidi-buğda

Qədim Misirdə buğda o qədər qiymətli idi ki, indan vergi ödənişləri kimi istifadə edir, başqa mallara dəyişirdilər. Buğdanı və digər qiymətli malları çəkmək üçün misirlilər dəqiq tərəzi yaratmışdılar. 

Zəngin Fironlar

Firon adlandırılan Misir hökmdarları Allah hesab edilirdi. Bütün ölkə və burada yaşayan insanlar fironların mülkiyyəti sayılırdı.
Onlar çox varlı və qüdrətli olurdu. Çar ailələri zəngin yaşayırdı, onlara yüzlərlə qul xidmət edirdi.
Misirdə kahinlər və mumiyalar
Qədim misirlilər çoxsaylı allahlara səcdə edir və axirət dünyasına inanırdılar. Onlar belə hesab edirdilər ki, yalnız ğldükdən sonra bədənləri çürüməmiş adamlar yenidən həyata qayıda bilərlər. Ona görə də qədim misirlilər canlı Allah hesab etdikləri fironların cəsədlərini bötüv saxlamağı xüsusi ilə vacib bilirdilər. Bu məqsədlə onların cəsədlərini balzamlayırdılar. Bütün müqəddəs ayinləri kahinlər həyata keçirirdi. Onlar çox qüdrətli və sözükeçən din xadimləri idi.

Kimlər mumyalanırdı?

Balzamlaşdırma çox baha başa gəlirdi. Ona görə də ancaq çar ailəsinin üzvlərini, yüksək rütbəli məmurları və kahinləri mumyalayırdılar. Kasıbları həsir və torpaq qəbirlərdə dəfn edirdilər. Bəzən heyvanları da balzamlayırdılar (pişiklər, itlər, timsahlar, meymunlar). Bu heyvanlara allah kimi inanırdılar. Məsələn, pişik şadlıq ilahəsini təcəssüm etdiridi. 

Mumya

Mumya- çürüməkdən qorunan cəsəddir. Mumya düzəldən adamlara balzamlayıcılar da deyilirdi. Qurudulmuş və yağ sürtülmüş cəsədi 5 km-ə qədər uzunluğu olan kətan bintlə sarıyırdılar. Vəfat etmiş adamın ürəyindən başqa qalan bütün üzvlərini çıxarır, natrium oksidində-xüsusi duzda qurudur, bintlə sarıyıb xüsusi qaba-kanopa yerləşdirirdilər. Cəsədin qarın boşluğunu əski və ya ağac qovu ilə doldurub tikirdilər. Sonra cəsəd natrui

m ilə doldurulmuş vannada qurudulur, balzam hopdurulmuş bintlə sarınırdı. Balzamlayıcı ölmüş adamın beynini xüsusi qarmaqla onun burun deşiklərindən çıxarırdı. Misirlilər beyni insan orqanizminin vacib hissəsi saymırdılar, bu səbəbdən də onu atırdılar. 

Qəbri salamat qalan firon

Əksər fironların qəbri dağıdılmışdır. Ancaq 1992-ci ildə arxeoloqlar 18 yaşında vəfat
etmiş firon Tutanxamonun qəbrini tapmışlar. Tam salamat qəbirdə fironun mumiyası ilə birlikdə qızıl maska və çox qiymətli xəzinə də tapılmışdır. 
Piramidalar
Misirin Qədim və Orta dövr (3500-5000 il əvvəl)fironları piramidaların altında dəfn olunmuşlar. Yeni çarlıq dövründə (3000-3500 il əvvəl) fironlar Nil çayının sahilində Fivdən bir az aralı çarlar vadisində sərdabələrdə dəfn olunmuşlar.

Piramidaların tikintisi

Piramidanı tikmək üçün 4000 sənətkar, minlərlə fəhlə lazım gəlirdi. Tikinti
də əsasən vergi əvəzi kəndlilər işləyirdi. Onlar tikinti sahəsini təmizləyir, özül qoyur, daşları meydançaya daşıyırdılar. Nəhəng əhəng daşlarını yonmaq üçün bənnalar müxtəlif alətlərdən istifadə edirdilər. Piramidaların daxili hissələri yerli yümşaq daşlardan tikilirdi. Çöl tərəfdən vurulan üzlük daşları 800 km-ə qədər olan məsafələrdə olan əhəngli daş karxanalarından gətirilirdi. Hər birinin ağırlığı 50 ton-a qədər olan nəhəng daş bloklar bərələrə yüklənib çayda suyun qalxdığı mövsümdə tikinti yerinə göndərilirdi. Misirlilərin həyatında din mühüm rol oynamışdır. Məbədlər Yerdə allahların yaşayış yeri olmuşdur. Fironları sərdabələrə qoymazdan əvvəl və sonra kahinlər xüsusi mərasimlər icra edirdilər. Ona görə də məbədləri birbaşa piramidalarda tikirdilər. 
O dövrdə cəmi 90 piramida, axırıncı e.ə. 1570-ci ildə tikilmişdir. Ancaq talançılar bu piramidalara asan yol tapa bilmirdilər. Yeni çarlığın fironları (e.ə. 1550-1050) Nilin yaxınlığında bağlı vadidə qayalarda yonulmuş sərdabələrdə dəfn edirdilər. Bura çarlar vadisi kimi dünyada məşhurdur. Bu sərdabələrin də çoxu dağıdılmışdır. Ancaq arxeoloqlar Xovard Karter və Lord Karnarvon Tutanxamonun toxunulmamış sərdabəsini burda aşkar etmişlər.

Ən böyük piramida

Ən böyük piramidanı Gzeda e.ə. 2575-ci ildə firon Heopsa ucaltmışlar. Bu piramidanın hündürlüyü 146,6 m-dir və 2 milyondan çox daş blokdan tikilmişdir. Firon mərkəzi kamerada dəfn olunmuşdur. 




Qobustan qayaüstü rəsmləri


Qayaüstü təsvirlər Azərbaycanda ilk dəfə Qobustanda aşkar edilib. 1939 – cu ildə arxeoloq İ.Cəfərzadə Qobustan petroqliflərini araşdırmağa başladı. Bu rəsmlərin tarixi eradan əvvəl 10 – 8 minillikdən orta əsrlərə qədər olan geniş tarixi zaman dilimini əhatə etməsi onu dünyanın digər qayaüstü rəsmlər kolleksiyasından daha qiymətli edir. Təsvirlər əsasən insanların həyat tərzi, məişəti ilə əlaqədardır. Kollektiv əmək, ov prosesi, məhsul yığımı, yallı oynamaq, heyvan rəsmləri, ocaq başında ovun yeyilməsi, bişirilməsi, qadın və kişi rəsmləri və sair. Qayıq və günəş rəsmləri isə İsveç, Ural və Misirdə tapılan qayaüstü rəsmlərlə müqayisə edilir. Norveçli məşhur səyyah və alim Tur Heyerdal bir neçə dəfə Qobustanda olub və araşdırma aparıb.
Norveçdəki qayaüstü rəsmləri Qobustandakılarla müqayisə edən Heyerdal belə bir nəticəyə gəlib ki, qədim vikinqlərin əcdadları Skandinaviyaya Xəzər dənizinin sahillərindən qayıqlarla üzərək gedib çıxıblar. Ərazidə Daş dövründən orta əsrlərədək çoxlu ibtidai insan düşərgəsi, qədim yaşayış məskəni, kurqanlar var. Buradakı tapıntılar Mezolit, Neolit, Tunc dövrlərində Qobustan ərazisində insan həyatı üçün yararlı təbii şəraitin olduğunu və burada Mezolit – Neolit dövrlərində ovçu və balıqçı, Tunc dövründə isə əkinçi və maldar qəbilələrinin yaşadığını göstərir.Qobustanda ən cavan, amma tarixi baxımdan maraq doğuran abidələrdən biri romalılardan qalma, latın dilində yazılmış epiqrafik abidədir. Böyükdaş dağının cənub – şərq ətəyində, axırıncı yastı qaya üzərində böyük tarixi əhəmiyyətə malik, tarixi sənəd kimi qeydə alınıb: “ İmperator Domisian Sezar Avqust Germanik, Lutsiy Yuliy Maksim, XII legeon sentruionu”yazılmış bu daş sənəd, eramızın 84-96 – cı illəri arasında romalıların XII ildırım sürətli legionunun Qobustan ərazisində olmasına şahidlik edir. 





Kosmosdan görünən yeganə tikili - Çin səddi





Bəşər tarixində gələcək nəsillərə insan əlilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Vanli Çançen deyirlər.
 Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin  şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə.220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li uzadılmışdır. (1 li təqribən 576 metrdir).
Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər.
Səddin tikintisi ayrı-ayrı hissələrə bölünmüşdü və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikirdi. İmperator Çin-Şi-Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırmışdı. Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb etmişdi. Mülki adamların içərisində şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları vardı.
İmperator istəyirdi ki, onun tikdirdiyi nəhəng daş divarı heç bir qüvvə yıxa və ondan aşa bilməsin. Səddin birinci hissəsinin uzunluğu 2450 kilometr olmalı idi. Uca dağlardan, dərin dərələrdən, susuz səhralardan keçən bu tikinti çox çətin şəraitdə aparılırdı. Tikintiyə inşaat materialları əllə daşınırdı. Və buna da yüz minlərlə insan əməyi sərf edilirdi.
Men-Tyan əvvəlcə səddin hər 100 metrliyində ucaldılan gözətçi qüllələrinin tikintisindən başladı. Bu sayaq qüllələrin sayı isə 25 mindən çox idi. Hər birinin hündürlüyü 12 metrə çatan qüllələr tamamlandıqdan sonra, qüllələrin arasında hündürlüyü 7,5 metrə, bəzi yerlərdə isə 10 metrə çatan və qalınlığı 5,5-6,5 metr olan daş divarlar tikilirdi.


Səddin bayır tərəfi yad torpaqlar adlanırdı. Buna baxmayaraq, ölkənin mühafizəsini yaxşı təşkil etmək naminə həmin yad torpaqlarda da 15 mindən çox gözətçi qüllələri tikilmişdi. Qüllədəki gözətçilər gündüzlər tüstü ilə, gecələr isə tonqal qalamaqla düşmənin gəldiyini xəbər verirdilər.
Deyildiyi kimi, 2450 kilometrlik səddin tikintisi cəmi on ilə  başa çatdırıldı. Bu şərəfə imperator Çin-Şi-Xuandi Men-Tyanı böyük mükafatlarla təltif elədi. Amma imperator bilmədi ki, bu nəhəng səddi tikib qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Məhz buna görə də həmin dövrdən Çində belə bir xalq misalı yaranıb. "Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır". Bu deyimdə böyük həqiqət vardı. Çünki ölən adamlar Men-Tyanın əmri ilə qala divarlarına hörülürdü.
Sədd tikiləndən sonra onun mühafizəsi çox ciddi qorunurdu. Belə ki, bir neçə qülləni qoruyacaq 145 nəfərlik hərbi qarnizon, həm səddi, həm də səddin iç divarları boyu tikilmiş ambarları mühafizə edirdi. Səddin üstü çox geniş və enli idi. Divarların üstü ilə dörd piyada əsgər və ya üç atlı yan-yana gedə bilirdi. Divarların üstünə qalxmaq üçün iç tərəfdən çoxlu pilləkanlar qurulmuş və yağış-qar suyunu kənara atmaq məqsədilə daş novlar qoyulmuşdu.
Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir. Lakin o, yeni eranın VI əsrindən başlayaraq qüdrətli türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk imperatorları Bilgə Xaqan, Mete, Çingiz xan  Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər.
Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla, Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir.
Hər il Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir. Bir də onu qeyd etmək yerinə düşər ki, həm də insan əli ilə yaradılmış möcüzələrdən ancaq və ancaq Böyük Çin səddi kosmosdan müşahidə edilir. O nazik bir xətt kimi Çin boyu uzandıqca uzanır.
Böyük Çin səddi - ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır və bundan sonra da min illərlə yaşayaraq gələcək nəsilləri əzəməti və qeyri adiliyi ilə heyrətdə qoyacaqdır.

Hiç yorum yok:

Yorum Gönder